Alqoritmləşdirmə



İnsan gündəlik həyatında istənilən bir işi icra etmək üçün müəyyən hərəkətlər ardıcıllığından istifadə etməlidir. Əgər hərəkətlər ardıcıllığı müəyyən səbəbdən pozularsa, məlumdur ki, həyata keçiriləcək iş nəticəsiz olacaqdır. Deməli istənilən nəticəni əldə etmək üçün yerinə yetiriləcək hərəkətlər ardıcıllığını düzgün həyata keçirmək lazımdır.
Yəni istənilən işi və ya bir məsələni həll etmək üçün ardıcıl hərəkətlər düzülüşündən - alqoritmdən istifadə etmək lazımdır. Alqoritm latın sözü olub, qayda, qanun deməkdir. Alqoritm anlayışı riyaziyyatın fundamental anlayışlarından biridir. Onun müstəsna elm olması nəticəsində özünəməxsus mövzusu da vardır.
Alqoritm sözünü ilk dəfə IX əsrin məşhur özbək riyaziyyatçısı Mühəmməd ibn Musa Əl-Xarəzmi öz əsərlərində işlətmişdir. Alim onluq say sistemində dörd hesab əməlinin aparılma qaydalarını vermiş və bu qaydaların həyata keçirilmə ardıcıllığını alqoritm adlandırmışdır. 12-ci yüzilliyin birinci yarısında Əl-Xarəzminin bu əsəri latın dilinə tərcümə olunaraq, Avropada yayıldı.
Beləliklə, bu tərcümə sayəsində "alqoritm" sözü Avropa dillərinə keçdi. Həmin dövrdən etibarən, bütün elm adamları bu alqoritmlərdən istifadə edirlər. Əgər ümumi halda ifadə etsək, alqoritm müəyyən məsələnin həll qaydası, həll yoludur, yəni məsələnin həllini təmin edən formal qaydalar sistemidir. Məsələnin kompüterdə həlli nöqteyi-nəzərindən alqoritm axtarılan cavabların alınması üçün məsələnin verilənləri üzərində icra olunan hesabi və məntiqi əməllərin sonlu sayda ardıcıllığıdır.
Əməllər həll mərhələləri də adlandırılır. Mərhələlərə uyğun olaraq, alqoritm - sadə halda götürsək, hesabi və məntiqi mərhələlərdən ibarət olur. Həmin mərhələlərə uyğun olaraq, hesab və müqayisə əməlləri yerinə yetirilir. Müqayisənin nəticəsindən asılı olaraq, bu və ya digər mərhələnin icrasına baxılır.

Kompüterdə istənilən məsələni həll etmək üçün alqoritm tərtib edərkən, onun aşağidakı şərtləri ödəməsi vacibdir.
1. Müəyyənlik. Alqoritm müəyyən olmalıdır, daha doğrusu, dəqiq hesablama metoduna malik olmalı, icra edildikdə eyni nəticə verməli, istənilən istifadəçi tərəfindən tam başa düşülməlidir. Bunlarla yanaşı, yazılmış alqoritm istifadəçinin işi icra etdiyi zaman artıq düşünməməsi üçün son dərəcə dəqiq tutulmalı və ona qərar qəbul etməklə müstəqillik verməlidir.
2. Kütləvilik. Alqoritm kütləvi olmalıdır, yəni istifadəçi onu bir məsələnin həlli üçün nəzərdə tutmalıdır. Başqa sözlə, alqoritm təkcə ilkin verilənlərin bir qiyməti üçün yararlı olmamalıdır, o, həm də verilənlərin başqa qiymətləri üçün də istifadə oluna bilməlidir.
3. Diskretlik (latınca discretus - ayrılmış). Alqoritm diskret olmalıdır, yəni hesablama prosesi əməllər ardıcıllığına bölünməlidir.
4. Nəticəlilik. Alqoritm nəticəli olmalıdır, yəni alqoritm sonlu sayda mərhələlərdən sonra tamamlanmalıdir. Bu xassəni çox vaxt alqoritmin istiqamətliliyi də adlandırırlar. Əks halda, alqoritm sonsuz prosesə çevrilir.
5. Determinantlıq (latınca determinate - müəyyənlik, dəqiqlik). Alqoritm dəqiq olmalıdır ki, istifadəçi hər bir hesablama addımından sonra, növbəti addımın nə olacağı haqqında tam məlumat əldə etsin.
6. Alqoritm aydın olmalıdır ki, onu icra edən ona verilmiş tapşırığı tamamilə başa düşə bilsin.

Alqoritmi təsvir edərkən, onun mümkün qədər əyani olmasına və aydın verilməsinə ciddi fikir vermək lazımdır. Alqoritmin təsvir üsullarına gəlincə, demək lazımdır ki, onun əyani, yığcam standart vasitələrlə təsviri kütləviliyini təmin edən əsas amildir.

Alqoritmin təsviri üçün istifadə olunan əsas üsullar bunlardır:
- sözlə təsvir
- blok-sxemlə təsvir
- alqoritmik dillə təsvir

Sözlə təsvir alqoritmin kütləvilik xassəsini təmin etmədiyindən, o, icracı insan tərəfindən aparılan və nisbətən sadə alqoritmlərin təsvirində istifadə oluna bilər.
Bir çox hallarda alqoritmin təbii dildə təsviri ilə yanaşı, onun qrafik təsvirini də verirlər. Alqoritmin qrafik təsviri əmrlərin yerinə yetirilmə ardıcıllığını daha aydın şərh etməyə və görməyə imkan verir.
Təbii dildə təsvir zamanı yarana biləcək qeyri-müəyyənlik, qeyri-dəqiqlik qrafik təsvirin köməyi ilə aradan qaldırıla bilər. Qrafik təsvirdə alqoritmin əmrlərini göstərmək ücün müxtəlif bloklardan istifadə olunur. Bu mənada qrafik təsvirə "blok-sxemlərlə təsvir" də deyilir. Bu üsulda alqoritm, hər biri müəyyən funksiyanı yerinə yetirən bloklar ardıcıllığı şəklində təsvir olunur.

Alqoritmləşdirmə    Proqram anlayışı »»
Share


Muəllif: Dürdanə Abdullayeva


YER Hostinq

Pulsuz elanlar saytı

Internet Jobs Database