C#

C# - Şərt ifadələri (if)

C# - Şərt ifadələri (if)



Proqramlaşdırmaya ilk ciddi addımı, demək olar ki, məhz şərt ifadələrini öyrənərək atacağıq. Proqram daxilində müəyyən şərtə bağlı kodlar yazmaq üçün "if" və ya "switch" ifadələrindən istifadə olunur.
Bu dərsdə "if" ifadəsini öyrənəcəyik.

Qeyd: Bir çox proqramlaşdırma dillərində olduğu kimi, CSharp-da da kodlar yuxarıdan aşağı doğru oxunur.

"if" ifadəsi proqram daxilində işlədilən qərarvermə prosesidir. "if" sözü ingiliscədən tərcümədə "əgər" mənasını verir.
"else" sözü ingiliscədən tərcümədə "əks halda" mənasını verir.
"if"-in yazılışı aşağıdakı kimidir:


if(şərt_1)
{
// Şərt_1 doğru olduğu halda çalışacaq kod hissəsi
}
else if(şərt_2)
{
// Şərt_2 doğru olduğu halda çalışacaq kod hissəsi
}
else
{
// Yuxarıdakı iki şərtdən fərqli nəticə alındığı halda bura yazılan kod hissəsi çalışacaq
}

Yuxarıdakı strukturda ilk olaraq "if" ifadəsindən sonra mötərizələr () arasında yazılan şərtin geriyə doğru-true qiymət göndərdiyi halda aşağıdakı fiqurlu mötərizələr {} arasındakı kod hissəsi oxunur.
Daha sonra, "else if" ifadəsinin şərti yoxlanılır, nəticəyə uyğun olaraq, kod hissəsi yerinə yetirilir. Hər iki şərtin nəticədə yanlış-false qiyməti geri qaytarması halında isə, else şərti doğru-true hesab olunur və onun kod hissəsi oxunur.


if (4 > 6)
{
Console.WriteLine("4 6-dan böyükdür.");
}
else if (8 < 15)
{
Console.WriteLine("15 8-dən böyükdür.");
}
else
{
Console.WriteLine("İfadələrin heç biri doğru deyil.");
}

Yuxarıdakı kod strukturu ilə yaxından tanış olaq:
1) İlk olaraq, "if (4 > 6)" ifadəsinin doğru olub-olmadığı yoxlanılır, təbii ki, nəticə olaraq yanlış qiyməti geri qayıdacağı üçün ekrana "4 6-dan böyükdür." cümləsi yazılmayacaq.
2) İkinci növbədə "else if (8 < 15)" şərti yoxlanılır, bu şərt nəticə olaraq doğru-true qiyməti qaytaracağı üçün ekrana "15 8-dən böyükdür." yazısı çıxacaq və proqram sonlanacaq, çünki məntiq ifadəsi ya doğru, ya da yanlış ola bilər, üçüncü bir hal yoxdur.