HTML

Xüsusi teqlər, mətndə qaçan sətir

Xüsusi teqlər, mətndə qaçan sətir

Bu bölməni biz spesifik teqlərə həsr edəcəyik, söhbət "marquee" (mətndə qaçan sətir) teqi haqqında gedəcək. 

"marquee" teqini yalnız Internet Explorer dəstəkləyir, amma sayt yığmağa təzə başlayan yeni öyrənənlər buna əhəmiyyət vermirlər. Onlar bu teqi məmnuniyyətlə tətbiq edirlər. Bu, kütləvi xəstəlikdir. Amma mən "marquee" teqi haqqında ətraflı danışmalı olacağam. (IE brouzeri olmayanlar isə bu dərsdən kənarda qalmayacaqlar, onlara mən dərsin axırında kömək edəcəyəm.)

Qaçan setir hundurluyu 10 piksel, eni-270 piksel, fon-99CCFF

Gördüyünüz kimi, hər şey çox sadədir. <marquee></marquee> teqlərinin arasında yazılmış mətn qaçan sətir olacaq. 

<marquee></marquee> teqinin bütün atributları artıq sizə tanışdır: bgcolor - qaçan sətrin fonu, height - sətrin hündürlüyü, width - sətrin enidir. 

Həmçinin qaçan sətrə sizə tanış olan atributlardan "hspace", "vspace" və "align" atributlarını da vermək olar. (Bunları xatırlamayanlar ilk dərslərimizə qayıdıb köhnə dərsləri təkrarlasınlar). Mən daha onları nümunə kimi göstərməyəcəyəm, istəsəniz, özünüz yoxlaya bilərsiniz.

<marquee height="10" width="270" loop="2">

</marquee>

"loop" atributu sətrin neçə dəfə fırlanacağını təyin edir, bizim nümunədə loop="2" - 2 dəfə. Bu o deməkdir ki, sətir 2 dəfə fırlanandan sonra daha görünməyəcək, sətir qaçmayacaq. Daha yaxşı başa düşmək üçün səhifəni yeniləyin və mənim sözlərimin doğruluğuna özünüz əmin olun - sətir yalnız 2 dəfə qaçacaq.

İndi isə başqa atributları öyrənək, amma mən onları əyani olaraq göstərməyəcəyəm. Özünüz onları kodda işlədin və görəcəksiniz ki, nə alınır.

"direction" - qaçan sətrin hərəkət istiqamətini təyin edir, direction="left" (right, up, down) - sola tərəf hərəkət (sağa, yuxarı, aşağı). 

"behavior" - qaçan sətrin hətəkət tərzi, behavior="scroll" (slide, alternate). "scroll" - adi hərəkət (bunu yazmaya da bilərsiniz, çünki susmaya görə bu təyin olunur). "slide" - fasiləli hərəkət, sətir axıra çatır və dayanır. Əgər behavor="slide" ilə birlikdə "loop" atributunu işlətsək, onda sətir təyin olunmuş say qədər hərəkət edəcək və sonda dayanacaq. "alternate" - sətir o tərəf bu tərəfə hərəkət edəcək. 

"scrollamount" - sətrin qaçma sürəti, scrollamount="1". Qiyməti 1-10 arası dəyişə bilər. 1 - ən aşağı sürət, 10 - ən yuxarı sürətdir. 

Bu da belə... 

İndi artıq biz "marquee" teqinin bütün atributları ilə tanış olandan sonra mən oxuculara diqqətli olmağı və bu teqdən çox istifadə etməməyi məsləhət görürəm. Bizim bu teqlə bağlı ilk nümunəmizə qayıdın. Qaçan sətrə baxın və etiraf edin ki, o sizə fikrinizi dərsə yönəltməyə az da olsa, mane olurdu. Düşünün ki, doğrudanmı sizin saytınızda qaçan sətir olmalıdır? Həm də qaçan sətrin özünü oxumaq da rahat deyil. Deməli, bu yaxşı və rahat deyilsə, onda onu işlətməyə ehtiyac da yoxdur. Əgər siz sadəcə maraq xatirinə sənədinizin üstündə "oynamaq" istəyirsinizsə, onda işlədin.

Demək bəs əgər siz Internet Explorer işlətmirsinizsə və ya istəyirsiniz ki, qaçan sətrinizi başqa brouzer istifadəçiləri də görsünlər, onda necə? Yadınıza salın, əvvəlki dərslərdə mən sizə CSS - Kaskadlı Stillər Cədvəli haqqında demişdim. Bu sizin səhifənizi idarə etmək üçün əlavə vasitədir.

Kaskadlı Stillər Cədvəlindən başqa biz HTML səhifəmizə müxtəlif scriptlər də daxil edə bilərik. Bu sizin yaraşıqsız və biçimsiz HTML sənədi dinamik və gözəl etməyə imkan yaradır. Scriptlər və onları tətbiq etmək barədə biz az sonra danışacağıq.

Mən niyə onlar haqda söhbət açdım? Məsələ ondadır ki, scriptlərin köməyi ilə biz öz sənədimizə qaçan sətir daxil edə bilərik. Bu çox düzgün seçim olar, onu nəinki Internet Explorer istifadəçiləri, həm də başqa brouzer istifadəçiləri də görəcəklər. 

Script kodları barədə burda və digər internet resurlarında axtarış apara bilərsiniz.