İnternet Dərsliyi

Brauzerlər. Online və Offline iş rejimləri

Brauzerlər. Online və Offline iş rejimləri

Brauzer - sizin kompüterdə işləyən və İnternet-səhifələrin axtarışına və baxılmasına imkan yaradan bir proqramdır. İnternetdən sizə və sizdən İnternetə informasiya göndərərkən, brauzer müştəri-server sxemindən istifadə edir. Bu sxemdə sizin kompüter müştəri kimi, uzaqda yerləşən kompüter isə, server kimi çıxış edir.
Siz istifadəçi olduğunuz halda kompüterinizdəki müştəri proqramı (browser) server adlanan şəbəkə qovşağına qoşulur və ona informasiya almaq üçün sorğu göndərir. Serverdəki proqram öz növbəsində bu informasiyanı sizə göndərir və növbəti sorğunu gözləyir. Belə iş rejiminə Online iş rejimi deyilir.
Çoxfunksiyalı bir proqram kimi brauzer avtonom rejimdə - İnternetə qoşulmadan HTML sənədlərə və GIF, JPG və ya JPEG formatlı şəkillərə baxmaq üçün istifadə olunur. Bu rejim Offline iş rejimi adlanır.

Müxtəlif şirkətlər tərəfindən yaradılmış bir çox brauzerlər mövcuddur. Lakin bütün dünyada istifadəçilərin əksəriyyəti Microsoft şirkətinin Internet Explorer və yaxud Netscape şirkətinin Netscape Communicator proqramlarını seçir.

Biz Internet Explorer 5 brauzerinin işi ilə tanış olacağıq. Netscape Communicator proqramı bundan az fərqlənir. İşçi stolunda proqramın işarəsinin üzərində mausun düyməsini iki dəfə basmaqla, onu işə salın. Ekranda Internet Explorer brauzerinin pəncərəsini görürsünüz. Hal-hazırda ünvan sətrində, proqram işə salınarkən avtomatik yüklənən və Home Page adlanan Ev - Web səhifəsinin ünvanı göstərilir. Avtomatik yüklənən Ev səhifəsinin ünvanı brauzerin sazlanması zamanı təyin edilir.