İnternet Dərsliyi

Kompüter şəbəkələri və şəbəkə protokolları

Kompüter şəbəkələri və şəbəkə protokolları

İki və ya bir neçə kompüter verilənlər mübadiləsi məqsədi ilə bir-birinə qoşulduqda kompüter şəbəkəsi yaranır. 
Bir təşkilatın kompüterlərini birləşdirən şəbəkəyə Lokal şəbəkə və ya LAN (Local Area Network) deyilir.
Bundan əlavə, lokal şəbəkələri və fərdi istifadəçiləri birləşdirən şəbəkə Qlobal şəbəkə və ya WAN (Wide Area Network) adlanır.
Lokal şəbəkəni (LANqlobal şəbəkə (WAN) ilə birləşdirən kompüter və bu kompüterdəki proqram təminatı şlyuz (Gateway) adlanır. 
Qlobal şəbəkələri birləşdirən daha yüksək səviyyəli şəbəkə də mövcuddur. Bu şəbəkə İnternet adlanır. İnternet bütün dünya üzrə müxtəlif kompüterlər arasında ünsiyyət üçün imkan yaradan və informasiya mübadiləsini təmin edən şəbəkələr şəbəkəsidir. 
Müxtəlif tipli, müxtəlif əməliyyat sistemli kompüterlərin belə bir ünsiyyəti nəticəsində ortaya üyğunluq problemi çıxır. Bu problemi aradan qaldırmaq məqsədi ilə informasiya mübadiləsinin təşkili üçün vahid qaydalar, yəni vahid standart (protokol) işlənmişdir. Bu protokol - TCP/IP (Transmission Control Protocol/Internet Protocol) - verilənlərin nəqlinə nəzarət/İnternet protokoludur. 
İnternetə qoşulma ayrılmış kanal vasitəsi ilə və ya zəng etmə yolu ilə, yəni telefon xətti ilə həyata keçirilir. Ayrı-ayrı kompüterlərin ayrılmış kanal vasitəsi ilə və ya telefon xətti ilə şəbəkəyə qoşulması üçün nəzərdə tutulmuş qurğuya Modem (Modulyator- Demodulyator) deyilir.

Sizin İnternetə qoşulmanızı, məktublarınızın göndərilməsini, alınmasını və qorunub saxlanmasını təmin edən təşkilat internet-provayder adlanır. İnternet-provayder İnternetlə bağlı başqa xidmətlər də göstərir.