Unix

Giriş

Giriş

Unix Əməliyyatlar Sistemi.

§1 Giriş

 

Bu kitabda Unix Əməliyyatlar Sistemində proqramlaşdırmadan danışılır. Əvvəlcə gəlin, əməliyyatlar sisteminin nə olması ilə tanış olaq. Əməliyyatlar sistemi kompüteri idarə edən proqram kodudur. Kompüterdə yerinə yetirilən proqram kodları 2 qrupa bölünür: istifadəçi və sistem. İstifadəçi proqramları istifadəçi səviyyəsi üçün nəzərdə tutulub. Hər bir proqram (istifadəçi) işləyərkən kompüterin müxtəlif resurslarına müraciət edir, buraya CPU vaxtı, fiziki yaddaş, daimi yaddaş, şəbəkə və s. resursları misal göstərmək olar. Əgər kompüterdə icra olunan proqramların kompüterin resurslarına müraciətləri nəzarətsiz olarsa, onda qısa bir vaxtda sistemdə xaos vəziyyəti yaranar. Bundan əlavə, istifadəçi proqramı müraciət etdiyi qurğuların (sərt disk, şəbəkə kartı, və s.) sürücüsünü də özündə saxlamalıdır. Müəyyən qrafikə əsasən, prosessor vaxtının icraolunan proqramlar arasında paylanma mexanizmi olmadığından, kompüterdə yalnız bir proqram icra oluna bilər. Bütün bu dediklərimiz problemləri, yəni kompüterin bütün avadanlıqlarının işini, onlara edilən müraciətlərin sinxronlaşdırılmasını, istifadəçi proqramlarının müraciət etdikləri yaddaş sahələrinə nəzarət və s. həll etmək üçün "Əməliyyatlar sistemi" adlanan xüsusi proqram kodlarından istifadəyə ehtiyac yaranır. Bütün bu işlərdən əlavə, əməliyyatlar sistemi həm də bir sıra digər proqram kodları, o cümlədən, yeni proqramlar (istifadəçi, sistem) yarada bilmək üçün vacib olan kompilyator, assembler, linker, mətn redaktoru proqramlarına sahib olmalıdır. Bundan əlavə, hər bir əməliyyatlar sistemində bu sistem üçün xarakterik və istifadəçilər tərəfindən çox tez-tez istifadə olunan proqramlar - əmrlər və s. olmalıdır.

Hal-hazırda çox geniş yayılmış 2 əməliyyatlar sistemi ailəsini nümunə gətirmək olar: Windows və Unix. Windows əməliyyatlar sistemləri (95, 98, 2000, XP, 7, Server 2003...) ilə yəqin ki, hamınız tanışsınız. Unix əməliyyatlar sistemlərinə isə, GNU/Linux, FreeBsd, Solaris, AİX, HPUX və s. misal göstərmək olar. Bu misal gətirdiyimiz Unix sistemləri hansısa məsələlərdə bir-birindən müəyyən fərqə malik olsalar da, ümumi Unix standartlarına hamısı cavab verir.

Bu kitabda daxil olunan proqram təminatları yuxarıda göstərilən bütün Unix sistemlərində yerinə yetirilə bilər.

 

Niyə məhs Unix?

Unix sistemlərini digər sistemlərdən fərqləndirən bir çox üstün və çatışmayan cəhətlər vardır. Belə bir anlayış mövcuddur ki, Unix proqramçıların proqramçılar üçün yaratdığı sistemdir, yəni Unix istifadəçilər üçün yox, proqramçılar üçün nəzərdə tutulmuş bir sistemdir. Unix sistemlərindən istifadənin çətinliyi və proqramçılara bu sistemlərin bir çoxunda nüvədən tutmuş (kernel), istifadəçi proqramları, kompiyatorlar, kitabxanalar və s. proqram kodlarında istənilən dəyişikliyi edə bilmə imkanının verilməsi bunu deməyə əsas verir.

 

Açıq kod

Unix sistemlərinin bir çoxu, o cümlədən, GNU/Linux, FreeBsd, OpenSolaris və s. tam açıq kodlu sistemlərdir. Yəni bir proqramçı kimi, siz istənilən qurğunun sürücüsü (driver), nüvə kodu, kompilyator və s.-də istədiyiniz dəyişikliyi edib, yenidən kompilyasiya edib, öz yeni dəyişikliklərinizi test edə bilərsiniz. Bu səbəbdən Unix sistemlərini əsasən, sistem proqramçıları işlədir.

 

Təhlükəsizlik, etibarlılıq, performans

Unix sistemləri mövcud sistemlər arasında ən təhlükəsiz, etibarlı və sürətli olduqlarına görə, bir qayda olaraq, ancaq imkanlı şirkətlər Unixdən istifadə edir və bu sistemlər daha çox inkişaf etmiş ölkələrdə yayılıb. Səbəb Unix sistemlərinin texniki xidmətinin həddən artıq baha olmasıdır. Bizim ölkədə də tədricən bir çox banklar, internet provayderlər, Mobil operatorlar təhlükəsizlik və s. məsələlərə görə Unix-ə keçirlər.