Giriş
Hesablama texnikası əsasən iki mühüm komponentin birgə fəaliyyətinə əsaslanır. Bunlar aparat və proqram vasitələridir. Yalnız bu komponentlərin birlikdə qarşılıqlı funksional işinin təşkili sayəsində kompüterdə konkret məsələnin həllinə nail olmaq mümkündür. Proqram vasitələrinin əsasını əməliyyat sistemi (ƏS) təşkil edir.
Əməliyyat sistemi:
- kompüterin qurğularının işini idarə edir və onların qarşılıqlı əlaqəsini yaradır;
- proqram və verilənləri əsas yaddaşa daxil edir və kompüterin işinin nəticəsini çap qurğusuna, displeyə çıxarır, yaxud xarici informasiya daşıyıcılarına yazır;
- yeni proqramların yazılması və sazlanması prosesini həyata keçirir;
- proqramı yüksək səviyyəli proqramlaşdırma dilindən maşın əmrlərinə çevirir və s.
Sadaladığımız və sadalamadığımız funksiyaların icrası maşının aparat vasitələri ilə bağlıdır.
ƏS müəyyən funksiyaları yerinə yetirən çoxlu sayda proqram modullarından ibarətdir. Həmin modulların hamısının yaddaşda olması vacib deyil. Lakin elə modullar var ki, onlarsız kompüter öz funksiyalarını yerinə yetirə bilmir. Belə modullar ƏS–nin özəyini təşkil edir və onlar kompüterin işlədiyi müddətdə əsas yaddaşda olur.
Qoyulmuş məqsədlərdən asılı olaraq ƏS-nin konfiqurasiyası (tərkibi) müxtəlif ola bilər. Lakin komponentlər üçün hər bir ƏS-nin konfiqurasiyasına aşagıdakı əsas komponentlər mütləq daxil olmalıdır:
- fayl sistemi;
- xarici qurguların drayverləri;
- əmrlər dilinin prosessoru.
Fayl, sadə halda informasiyanın daimi saxlandığı sahədir. Çoxistifadəçili və çoxməsələli işlərin təşkili fayl sistemindən daha çox asılıdır.
Kompüterə çoxlu sayda xarici qurğular (XQ) qoşula bilər. Kompüterə standart qoşulan xarici qurğulardan (klaviatura, sərt və çevik informasiya daşıyıcıları, displey, maus və s.) başqa əlavə qurğular da qoşula bilər. Bunlara giriş-çıxış qurğuları, modemlər, qrafikquranlar, skanerlər, şəbəkə qurğuları və s. misal göstərmək olar. ƏS-nin əsas funksiyalarından biri də bu qurğuların fəaliyyətini təmin etməkdir. Ona görə də ƏS– in tərkibinə xarici qurğuların işini idarə edən, drayver adlanan xüsusi tip proqramlar daxil edilir. Hər bir tip XQ-nin özünəməxsus drayveri olmalıdır və yalnız onlar sistemə qoşulduqdan sonra
XQ–larin fəaliyyəti təmin olunur.
Standart qurğuların drayverləri baza giriş-çıxış (BİOS) sistemində yaradılır və sabit yaddaş qurğusunda (SYQ) yerləşdirilir.
Əlavə qurğuların drayverləri kompüter işə başladığı anda dinamik olaraq ƏS-nə qoşula bilər.
İstənilən əməliyyat sistemində (MacOS əməliyyat sistemi müstəsna olmaqla) bu və ya digər əməliyyatları, məsələn, kataloqa müraciət, xarici informasiya daşıyıçılarının nişanlanması, proqramın işə salınması, surətlərin çıxarılması və s., yerinə yetirmək üçün əmrlər dili mövcuddur. İstifadəçi əmrlərinin analizi və icrası, hazır proqramların kompüterin yaddaşına yazılması və onlara müraciətin təşkili ƏS əmrlər prosessorunun köməyi ilə aparılır. Əməliyyat sisteminin bu hissəsi, istifadəçi ilə kompüter arasında qarışılıqlı əlaqəni yaratmaq kimi mürəkkəb və mühüm məsələni həyata keçirir. Ayrı–ayrı əmrlərin daxil edilməsindən başqa, əmrlər dilində adi proqramlaşdırma dilindən istifadə etmədən, daha mürəkkəb əməliyyatlar ardıcıllığını yerinə yetirə bilən tam proqramın tərtibi də mümkündür.
Əməliyyat sistemləri (əvvəlki versiyalar müstəsna olmaqla) eyni zamanda bir neçə məsələyə xidmət etmək imkanlarına malikdir. Yəni, ƏS bir neçə proqramın işə salınmasını, onlar üçün yaddaş sahəsinin ayrılmasını, prosessor və onun qurğularının bir məsələnin həllindən başqa bir məsələnin həllinə keçməsini və bunlar arasında informasiya mübadiləsini təşkil edir.
Hal-hazırda müəyyən tip mikroprosessorlara əsaslanan CP/M, MS DOS, UNIX, MacOS, Windows kimi əməliyyat sistemləri mövcuddur və onlar geniş tətbiq olunur.
Maşın dilinin simvolik analoqu olan Assembler dilinin öyrənilməsi sistem proqramlarının tərtibində mühüm rol oynayır. Maşın əmrlərinin rəmzi işarəsi olan dilə Assembler (assemble-“yığmaq”, ”toplamaq” sözündəndir) dili deyilir. Maşın dili konkret tip kompüterin bütün arxitektur incəliklərini özündə əks etdirir. Bu səbəbdən hər mikroprossesor tipinin fərdi maşın dili olur. Assembler mikroprossesor dilini simvolik təsvir etdiyindən və mikroprosessorun arxitekturu ilə kəsilməz bağlı olduğundan o, kompüter təhsilinin ayrılmaz tərkib hissəsini təşkil edir.
Mikroprosessorun arxitekturunda aparılan dəyişiklik Assembler dilini təkmilləşdirir. Deyilənlərin vacibliyini nəzərə alaraq, kitabda müxtəlif tip mikroprosessorların assemblerinin öyrənilməsinə və çoxlu sayda praktiki məsələlərin həlli üçün Assembler proqram nümunələrinə geniş yer verilmişdir.