Menu

Daxil olun Qeydiyyat

C++ Proqramlaşdırma Dili

4.5.1 və operatoru

4.5.1 və operatoru

və operatoru ilə birləşməsindən yaranan yekun mürəkkəb şərtin doğru qiymət alması üçün həmin mürəkkəb şərtə daxil olan bütün alt şərtlər ayrı-ayrılıqda doğru qiymət almalıdır. Əgər heç olmasa bir şərt yalan qiymət alarsa, onda digər şərtlərin qiymətlərindən asılı olmayaraq yekun şərt yalan qiyməti alar.

və operatorunun sintaksisi aşağıdakı kimidir:

şərt1 && şərt2

C++ dilində və operatoru && kimi işarə olunur. Biz istənilən sayda şərti və operatoru ilə birləşdirib mürəkkəb şərt yarada bilərik, aşağıdakı kimi

şərt1 && şərt2 && şərt3 && şərt4

Çalışma. Aşağıdakı şərtin qiymətini müəyyən edin:

5 > 2 && 67 < 123

Həlli: Verilən mürəkkəb şərt iki şərtin və operatoru ilə birləşməsindən yaranıb. Əvvəlcə hər iki şərti ayrı – ayrılıqda qiymətləndirək.

Birinci şərt: 5 > 2 – doğru.

İkinci şərt: 67 < 123 – doğru.

Hər iki şərt doğru olduğuna görə onların və operaotoru ilə birləşməsi də doğru qiymət alar.

Cavab: doğru.

Çalışma. Aşağıdakı şərtin qiymətini müəyyən edin:

15 == 3 && 6 < 8 && 21 != 22

Həlli: Verilən mürəkkəb şərt 3 şərtin və operatoru ilə birləşməsindən yaranıb. Əvvəlcə hər 3 şərti ayrı – ayrılıqda qiymətləndirək.

Birinci şərt: 15 == 3 – yalan.

İkinci şərt: 6 < 8 – doğru.

Üçüncü şərt: 21 != 22 – doğru.

Baxdığımız şərtlərdən biri yalan olduğuna görə hamısının birləşməsi də yalan olur.

Cavab: yalan.

Çalışma: İstifadəçidən 1 ilə 100 arasında ədəd daxil etdiyini müəyyən edən proqram qurun.

Həlli: Burada biz istifadəçinin daxil etdiyi ədədin 1 ilə 100 arasında oduğunu müəyyən etmək üçün mürəkkəb şərtdən istifadə edəcəyik. Beləki daxil olunan ədədin verilən aralıqda olması üçün ədəd eyni anda iki şərti ödəməlidir: həm 1-dən böyük olmalı, həm də 100-dən kiçik. Proqram oduna nəzər salaq:

#include

using namespace std;

int main (){

int x;

cout << "1 ile 100 arasinda olan eded daxil edin. \n";

cin >> x;

if ( x > 1 && x < 100 )

cout << "Ela, siz ededleri yaxshi taniyirsiniz.\n"; else

cout << "Sizin riyazi bilikleriniz biraz zeifdir.\n";

}

Müxtəlif ədədlər daxil etməklə proqramın nəticələrini yoxlayaq:

İcra 1:

1 ile 100 arasinda olan eded daxil edin.

34

Ela, siz ededleri yaxshi taniyirsiniz.

İcra 2:

1 ile 100 arasinda olan eded daxil edin.

455

Sizin riyazi bilikleriniz biraz zeifdir.


Bizi dəstəkləyənlər