Menu

Daxil olun Qeydiyyat

C++

Dəyişənlər

Dəyişənlər

Əvvəlki paraqrafda biz C++ dilində necə proqram yerinə yetirməyi öyrəndik. Bu paraqrafda biz C++ dilində yazılmış proqramın ən vacib elementlərindən biri ilə – dəyişənlərlə tanış olacağıq. Hər bir proqram yerinə yetirilərkən müxtəlif məlumatları yadda saxlamalı (yaddaşa yerləşdirməli) olur. Tutaq ki, iki ədədin cəmini hesablayan proqram yazmaq istəyirik. Bu zaman biz yaddaşda 3 məlumat üçün yer ayırmalıyıq. İki toplanan və cəm. Proqramlaşdırmada hər hansı məlumatı qəbul etmək, yadda saxlamaq və bu məlumatın qiymətinə müraciət etmək üçün dəyişənlərdən istifadə olunur. Konkret olaraq, dəyişən adı olan müəyyən bir yaddaş sahəsidir. Bu yaddaşın sahəsinin həcmini və adını dəyişəni elan edərkən, biz özümüz (proqramçılar) müəyyən edirik.

Proqramda dəyişən elan etmək üçün aşağıdakı sintaksisdən istifadə olunur:

tip ad;

Burada tip dəyişənin tipi, ad isə dəyişənə verdiyimiz addır.

Misal üçün, aşağıdakı kimi:

int dey1;

Yuxarıdakı kod hissəsində biz int tipindən olan dey1 adlı dəyişən elan etdik. Fiziki yaddaşda (RAM) 4 bayt yer ayırılır və həmin yerə dey1 adı ilə müraciət olunur. Artıq bundan sonra, proqramda dey1 üzərində apardığımız bütün əməliyyatlar birbaşa dey1- ə aid yaddaş sahəsi üzərində aparılacaq (şəkil 1).

int dey1;

Şəkil 1

 

Yadda saxladığı məlumatın növünə və yaddaşda tutduğu yerin həcminə görə dəyişənlər tiplərə ayrılır. Misal üçün, tam ədədlər tipi – int (4 bayt), kəsr ədədlər tipi – double (8 bayt), simvol tipi – char (1 bayt), sətir tipi – char [], char * və s.

Bu tiplərə standart tiplər deyilir.

Bundan əlavə C++ dilində ünvan dəyişənləri tipi, struktur tiplər, siyahılar və siniflərdən də çox geniş istifadə olunur ki, bunlarla da uyğun olaraq, 4, 8, 9, 10-cu paraqraflarda məşğul olacağıq.

Dəyişənlərə istədiyimiz kimi ad verə bilərik, yalnız və yalnız hərflərdən (ingilis əlifbasının) , '_' simvolundan və rəqəmlərdən istifadə etməklə. Dəyişənin adı mütləq hərflə başlamalıdır və operator, tip və s. adlarından da dəyişən adı kimi istifadə etmək olmaz. Operatorlarla gələn mövzularda tanış olacağıq.

Beləliklə, cəm proqramında hər iki toplananı və onların cəmini yerləşdirmək üçün biz tam tipli 3 dəyişən təyin etməliyik. Gəlin, bu dəyişənləri uyğun olaraq top1, top2 və cem kimi adlandıraq. Bu dəyişənləri təyin etmək üçün proqram kodu aşağıdakı kimi olacaq.

int top1;

int top2;

int cem;

 

Qeyd edək ki, eyni tipdən olan dəyişənləri vergüllə ayırmaqla bir sətirdə də elan edə bilərik.

Aşağıdakı kimi:

int top1, top2, cem;

 

Burada ; simvoluna diqqət yetirməyinizi istəyirəm. Bu işarə kompilyatora hər hansısa bir əməliyyatın (indiki halda dəyişənlərin elanının) bitməsini göstərir.

Gəlin, proqramımızı tərtib edək. Hələlik 3 dəyişən elan etmişik (dəyişən elan etmək və ya təyin etmək eyni məna bildirir).

Proqramımız belə olacaq:


// prg_2_1.cpp

#include "stdafx.h"
#include <iostream>

int _tmain(int argc, _TCHAR* argv[])
{
int top1, top2, cem;
top1 = 4;
top2 = 6;
cem = top1 + top2;
std::cout<<" 4 ilə 6-nın cəmi ="<<x;
int x;
std::cin>>x;
return 0;
}

Nümunə

Proqramı yadda saxlayaq, kompilyasiya edək və yerinə yetirək.
Proqramın izahı:

Proqram icra olunmağa int _tmain(int argc, _TCHAR* argv[]) sətrindən başlayır. Daha sonra, proqramda int top1, top2, cem; sətri gəlir. Burada biz int tipli top1, top2 və cemdəyişənlərini elan edirik. Yaddaşın vəziyyəti bu zaman aşağıdakı kimi olar (şəkil 2):

Şəkil 2

 

Növbəti sətir aşağıdakı kimidir:

top1 = 4;

Burada biz mənimsətmə operatorundan ('=') istifadə edirik. Mənimsətmə operatoru - '=' riyaziyyatdan yaxşı bildiyimiz bərabərlik simvolu ilə işarə olunur, amma proqramlaşdırmada, daha doğrusu, C++ dilində o, ayrı funksiya daşıyır. Mənimsətmə operatoru ilə biz operatorun sol tərəfində göstərilən yaddaş sahəsinə sağ tərəfdə verilən məlumatı yerləşdiririk.

Yuxarıdakı kod sətrində mənimsətmə operatorundan solda top1 dəyişəni, sağda isə 4 qiyməti durur. Beləliklə, bu kod icra olunduqda yaddaşın top1- ə aid hissəsinə 4 qiyməti yazılır. Diqqət yetirilməli mühüm məqamlardan biri də odur ki, bu zaman top1-də əvvəl nə məlumat vardısa, o silinir. Uyğun olaraq, top2 = 6; proqram sətri də yaddaşın top2- yə aid olan hissəsinə 6 qiymətini yazır.

Bu zaman yaddaşın vəziyyəti aşağıdakı kimi olar:

Şəkil 3

 

Proqramın növbəti sətrinə keçək:

cem = top1 + top2;

Burada biz yenə də = mənimsətmə operatorundan istifadə edirik. Bu zaman əvvəl operatorun sağ tərəfində dayanan riyazi ifadənin qiyməti hesablanır top1 + top2. CPU top1 və top2-nin yaddaş sahəsinə yazılmış qiymətləri (4,6) oxuyur və onların cəmini hesablayır (10) və yekun nəticəni cem dəyişəninə aid yaddaş sahəsinə yazır:

Şəkil 4

 

Proqramın növbəti sətri belədir:

std::cout<<" 4 ile 6-nin cemi ="<<cem;

Bu proqram kodu icra olunduqda, ekranda 4 ile 6-nin cemi = 10 ifadəsi çap olunur. Burada std::cout çap funksiyasından istifadə olunur. Funksiyalar barədə daha ətraflı §5-də danışacağıq. std::cout funksiyasının geniş izahı Əlavə A-da verilib.

 

Proqram nümunələri:

1. 3 ədədin cəmin hesablayan proqram tərtib edin.

Həlli:

Bu proqramda bizə 3 ədədi və onların cəmini yadda saxlamaq üçün int tipli 4 dəyişən lazım olacaq. Bu dəyişənlərin elanı aşağıdakı kimi olacaq:

int x,y,z,h;

Daha sonra x,y,z-ə müxtəlif qiymətlər mənimsədək: x=8; y=45; z=3;

İndi isə, bu 3 dəyişənin cəmini h dəyişəninə mənimsədək. h = x + y + z;

Nəticəni çapa verək: std::cout<<x<<" , "<<y<<" , "<<" , "<<z<<"ededlerinin cemi ="<<h;

Proqram aşağıdakı kimi olar:


// prg_2_2.cpp

#include "stdafx.h"
#include <iostream>

int main()
{
int x,y,z,h;
x=8;
y=45;
z=3;
h = x + y + z;
std::cout<<x<<" , "<<y<<" , "<<" , "<<z<<"ədədlərinin cəmi ="<<h;
int x;
std::cin>>x;
return 0;
}

Nümunə

2.2 Dəyişənlərin elanı qaydaları.

C++ dilində dəyişənlər proqramın istənilən yerində elan oluna bilər. Dəyişənlərə müraciət isə, yalnız dəyişənlərin elanından aşağı hissədə edilə bilər. Eyni tipdən olan bir neçə dəyişən ayrı-ayrı sətirlərdə və ya eyni elan sətrində elan oluna bilər.

Aşağıdakı kimi:

int x,y,z;

və ya

int x;

int y;

int z;

Dəyişənlərə birbaşa elan sətrində qiymət mənimsədə bilərik, aşağıdakı kimi:

int x, y=20, z=0;

Yuxarıdakı elanda biz y və z dəyişənlərini elan edirik və bu dəyişənlərə başlanğıc qiymətlər mənimsədirik. Bundan əlavə, C++ dilində aşağıdakı kimi mənimsətmə qaydalarından da istifadə olunur. deyishen += qiymet;

Bu yazılış aşağıdakına ekvivalentdir.

deyishen = deyishen + qiymet;

Buradan görürük ki, mənimsətmə operatorunun sağ tərəfindəki ifadədə onun öz qiymətindən istifadə olunur. Proqramlaşdırma nöqteyi nəzərindən burada hər şey qaydasındadır, belə ki, bu zaman dəyişənin əvvəlki qiyməti sağ tərəfin qiymətinin hesablanmasında istifadə olunacaq və yekun qiymət dəyişənə mənimsədiləcək.

Misal üçün:

x += 5; əməliyyatı x-in qiymətin 5 vahid artırır.

və ya

x += y; əməliyyatı x-in qiyməti üzərinə əlavə edir.

Eyni qayda vurma və çıxma əməliyyatlarına da aiddir.

x *= 5; əməliyyatı x-in qiymətin 5 dəfə artırır.

 

2.3 İnkrement və Dekrement.

C++ dilində İnkrement və Dekrement adlandırılan xüsusi operatorlar var ki, onlar dəyişənlərin qiymətini müvafiq olaraq, 1 vahid artırmaq və azaltmaq üçün istifadə olunur. Bunlar, uyğun olaraq aşağıdakılardır:

İnkrement - artırma ++Dekrement azaltma --.

Misal üçün, inkrementdən istifadə edərək x-in qiymətin 1 vahid artırmaq istəsək, aşağıdakı kimi yaza bilərik.

x++; və ya ++x;

Eyni qayda ilə dekrement x-in qiymətini 1 vahid azaldır, aşağıdakı kimi:

x--; və ya --x;

Bəs toplama, çıxma işarələrinin dəyişəndən əvvəl və ya sonra olmasının fərqi varmı? Əgər bu operatorun məqsədi sadəcə qiyməti dəyişməkdirsə, onda işarəni sağda və ya solda yazmağın fərqi yoxdur. Lakin əgər inkrement və ya dekrement hansısa ifadənin daxilindədirsə, onda sağ-solun fərqi var. Belə ki, işarə solda olanda ifadədə dəyişənin ilkin qiyməti, sağda olanda isə, 1 vahid dəyişdirilmiş yeni qiyməti hesablanır.

Indi isə bir az daha maraqlı, interaktiv proqramlar tərtibi ilə məşğul olaq. Baxdığımız proqramlarda biz hesab əməlləri üçün əvvəlcədən təyin olunmuş qiymətlərdən istifadə etdik, indi isə elə proqramlar yazaq ki, dəyişənlərin qiymətlərinin istifadəçi tərəfindən daxil edilməsi mümkün olsun. C++ dilində istifadəçinin daxil etdiyi məlumatı proqramdakı dəyişənlərə mənimsətmək üçün əsasən std::cin funksiyasından istifadə olunur.

std::cin funksiyası barədə Əlavə A-da geniş izah verilir.

Tutaq ki, biz proqramda int tipli x dəyişəni elan etmişik.

int x;

Əgər biz istəyiriksə x dəyişəninin yaddaş sahəsinə (qısa olaraq "x dəyişəninə" deyəcəyik) istifadəçi tərəfindən daxil olunan qiymət yazaq, onda proqrama aşağıdakı sətri yerləşdirməliyik.

std::cin>>x;

Bütün bu dediklərimizi proqram nümunəsində test edək. Elə bir sadə proqram tərtib edək ki, istifadəçidən hər hansı ədəd daxil etməsini istəsin, daha sonra isə bu ədədin kvadratını ekranda çap eləsin.

Qısa bir qeyd: Gəlin yaratdığımız proqramları icra etmənin yeni metodu ilə tanış olaq.

Əvvəlcə C diskində yeni bir qovluq yaradırıq. Bu yeni yaratdığımız qovluğu cpp adlandıraq. Daha sonra ilk test proqramında olduğu kimi, yeni bir proyekt yaradırıq. New Projectpəncərəsinin Name alt pəncərəsinə yeni proqramımızın adını daxil edək, prog2. Location pəncərəsinə isə ünvan olaraq yeni yaratdığımız qovluğun ünvanını daxil edək, C:\cpp.

Proqramımızın mətnində aşağıdakı kimi dəyişiklik edək.


// prog2.cpp : Defines the entry point for the console application.

#include "stdafx.h"
#include <iostream>

int _tmain(int argc, _TCHAR* argv[])
{
std::cout<<"Salam dünya \n";
return 0;
}

Yadda saxlayıb, kompilyasiya edirik. Əgər proqramımızı əvvəlki qayda ilə icra eləsək, (Debug -> Start Debugging) onda kansol pəncərəsi bir anlığa açılıb-bağlanacaq. Kansol (cmd) proqramını özümüz yükləyək.

Start -> Run -> CMD

və ya C:\Windows\system32 qovluğunda cmd.exe proqramını yükləyirik.

 

 

Daha sonra kansoldan aşağıdakı əmrləri daxil edirik:

cd C:\cpp\prog2\Debug

prog2.exe

 

Nəticədə proqramımız icra olunacaq.


C:\Documents and Settings\Admin> 
C:\Documents and Settings\Admin> 
C:\Documents and Settings\Admin>cd C:\cpp\prog2\debug 
C:\cpp\prog2\Debug>prog2.exe 
Salam dünya 
C:\cpp\prog2\Debug> 
C:\cpp\prog2\Debug>

Bundan sonra, bütün proqramlarımızı bu qayda ilə icra edəcəyik. İndi isə, yuxarıda daxil etdiyimiz ədədin kvadratı proqramı ilə məşğul olaq. Əvvəl proqramı daxil edək, daha sonra isə, izahı ilə tanış olarıq.

Proqramın mətn kodu aşağıdakı kimi olacaq:


// prg_2_3.cpp

#include "stdafx.h"
#include <iostream>

int main()
{
int x,y;
std::cout<<"Zəhmət olmasa, hər hansı ədəd daxil edin \n";
std::cin>>x;
y = x*x;
std::cout<<x<<" in kvadratı = "<<y<<"\n"
return 0;
}

Nümunə

Proqramı yerinə yetirək, unutmayaq ki, proqramın mətn faylında hər hansı dəyişiklik etdikdən sonra bu dəyişikliklərin ikili faylda (prog2.exe) oturması üçün mütləq kompilyasiya etməliyik.


C:\cpp\prog2\Debug> 
C:\cpp\prog2\Debug>prog2.exe 
Zehmet olmasa her hansi eded daxil edin 
67 
67 in kvadratı = 4489 
C:\cpp\prog2\Debug> 
C:\cpp\prog2\Debug>

Proqramın izahı:

Proqramda int tipli x və y dəyişənləri elan edirik. Daha sonra std::cin finksiyası ilə istifadəçinin daxil etdiyi qiyməti x dəyişəninə mənimsədirik (x-in yaddaş sahəsinə yazırıq). y-ə x-in kvadratını mənimsədirik və çap edirik.

Başqa proqrama baxaq:

Elə proqram tərtib edin ki, istifadəçidən düzbucaqlının enini və uzunluğunu daxil etməsini istəsin. Daha sonra, proqram düzbucaqlının sahəsini ekranda çap etsin.

Əvvəlcə proqramı sərbəst yazmağa cəhd edin.

Proqram aşağıdakı kimi olacaq:


// prg_2_4.cpp

#include <iostream>

int main(){
int en, uz, sahe;
std::cout<<"Zəhmət olmasa, düzbucaqlının enini daxil edin \n";
std::cin>>en;
std::cout<<"Zəhmət olmasa, düzbucaqlının uzunluğunu daxil edin \n";
std::cin>>uz;
sahe = en*uz;
std::cout<<"Düzbucaqlının sahəsi = "<<sahe<<" \n";
return 0;
}

Nümunə

Proqramı kompilyasiya edib yerinə yetirək:


C:\cpp\prog2\Debug> 
C:\cpp\prog2\Debug>prog2.exe 
Zəhmət olmasa, düzbucaqlının enini daxil edin 
56 
Zəhmət olmasa, düzbucaqlının uzunluğunu daxil edin 
23 
Düzbucaqlının sahəsi = 1288 
C:\cpp\prog2\Debug> 
C:\cpp\prog2\Debug>

2.4 Char tipi və ya Simvol tipi

Biz qeyd elədik ki, simvol tipi C++ dilində char kimi elan olunur. Gəlin, simvol tipindən olan bir neçə dəyişən elan edək və onlara qiymət mənimsədək.

char x,y,z;

x = 'a'; y = 'B';

Yuxarıdakı proqram kodunda biz x dəyişəninə a qiymətini, y dəyişəninə B qiymətini mənimsətdik. Sadə proqram nümunəsinə baxaq:

 

Proqram nümunəsi.

Aşağıdakı proqramı kompilyasiya edib yerinə yetirin:


// prg_2_5.cpp

#include <iostream>

int main(){
char x,y;
x = 'a';
y = 'B';
std::cout<<"x və y-in qiymətləri: "<<x<<" , "<<y<<"\n";
return 0;
}

Nümunə

Proqramı kompilyasiya edib yerinə yetirək.


C:\cpp\prog2\Debug> 
C:\cpp\prog2\Debug>./prog2.exe 
x və y-in qiymətləri: a , B 
C:\cpp\prog2\Debug> 
C:\cpp\prog2\Debug>

C++ dilində bir prinsip mövcuddur: hər şey ədəddir. Yəni bizim simvol, sətir, kəsr və s. kimi qəbul etdiyimiz hər şey aşağı səviyyədə ədədlərlə ifadə olunur. Sadəcə olaraq, ədədlərə müxtəlif tipdən olan dəyişən kimi yanaşmaq bizə istifadə rahatlığı yaradır. Başqa sözlə, char tipindən olan dəyişəni ədədə mənimsədə bilərik.

Yuxarıda baxdığımız proqramın bir qədər dəyişilmiş variantına baxaq:


//prg_2_6.cpp

#include <iostream>

int main()
{
char x,y,z;
int f,h;
x = 'a'; y = 'B';
f = x; h = y;
std::cout<<"x və y-in qiymətləri simvol şəklində: " <<x<<" , "<<y<<"\n";
std::cout<<"x və y-in qiymətləri simvol şəklində: "<<f <<" , "<<h<<"\n";
z = 99;
std::cout<<"z-in qiyməti simvol şəklində: "<<z<<"\n";
return 0;
}

Nümunə

Proqramı kompilyasiya edib yerinə yetirək.


C:\cpp\prog2\Debug> 
C:\cpp\prog2\Debug>./prog2.exe 
x və y-in qiymətləri simvol şəklində: a , B
x və y-in qiymətləri ədəd şəklində: 97 , 66
z-in qiyməti simvol şəklində: c 
C:\cpp\prog2\Debug> 
C:\cpp\prog2\Debug>

C++ dilində hər hansı simvola müraciət etmək üçün bu simvolu tək dırnaq işarəsi ilə göstəririk - ' '. Misal üçün, əgər proqramda 'x''y' yazırıqsa, kompilyator bunu simvol kimi qəbul edəcək, əks halda (dırnaqsız) isə dəyişən kimi. Günümüzdə simvolların sayı həddən artıq çoxdur, ingilis dilinin simvolları, kiril əlifbasının simvolları, ərəb, çin, yapon və digər əlifbaların 10 000-lərlə simvolu mövcuddur. Bu simvollar müxtəlif cür təsnif olunur (unicode və s.) və ədəd qarşılığı göstərilir. Proqramçının bilməli olduğu ən əsas simvollar cədvəli ASCII simvollar cədvəlidir. ASCII cədvəli 128 simvoldan ibarətdir. Onların siyahısı və ədəd qarşılığı Əlavə B-də göstərilib. Bu siyahıdan olan bəzi ASCII simvolları daha çox istifadə olunur.

Bunlar aşağıdakılardır:

'\n' yeni sətir simvolu.

'\t' tabulyasiya simvolu.

'\0' sətrin sonunu bildirmək üçün istifadə olunan simvol.

 

2.5 Proqramda şərhlər

C++ dilində yazılmış hər hansı proqramı şərhsiz təsəvvür etmək olmaz. Şərh (comment, statement... ) proqramın bu və ya digər hissəsinin hansı iş gördüyünü bildirmək üçün proqramın mətn koduna əlavə olunur. Şərhlər ancaq proqramın işini başa düşmək istəyənlər üçündür. Proqramın real yerinə yetirilən koduna şəhrlərin heç bir aidiyyatı yoxdur. Belə ki, kompilyator proqramı kompilyasiya edərkən, birinci gordüyü iş şərhləri proqram kodundan silməkdir.

C++ dilində 2 cür şərhlərdən istifadə olunur: çoxsətirli - /* */ və təksətirli - //. Çoxsətirli şərhlərdən istifadə etdikdə kompilyator /* və */ arasında qalan bütün proqram kodunu şərh kimi qəbul edəcək. Təksətirli şərhlərdən istifadə edən zaman kompilyator // simvollarından həmin sətrin sonuna kimi olan hissəni şərh kimi qəbul edəcək. Bu zaman kompilyator bu sətirləri nəzərə almayacaq. Onu da deyim ki, çox vaxt bu qaydadan proqramdakı səhvləri tapmada istifadə olunur (proqramın müəyyən hissəsini şərh kimi verib nəticəni yoxlamaqla).

Misal üçün, tutaq ki, biz düzbucaqlının enini və uzunluğunu yadda saxlamaq üçün int tipli en və uz adlı dəyişənlər elan etmək istəyirik.

int en, uz;

Əgər biz bu dəyişənlərin hansı məqsəd üçün elan olunduqlarını proqramda şərh kimi daxil etmək istəyiriksə, aşağıdakı kod hissəsini proqrama daxil edirik.


/* Burada en düzbucaqlının enini, uz isə uzunluğunu bildirir. */

Kompilyator proqram kodunda /* ifadəsinə rast gəldikdə bu ifadə də daxil olmaqla */ -yə kimi hissəni şərh kimi qəbul edir. Şərhlər proqramçıya çox kömək edir və biz də şərhlərdən tez-tez istifadə edəcəyik.

 

2.6 Dəyişənlər üzərində əməllər.

Biz dəyişənlər üzərində onların tipindən asılı olmayaraq, aşağıdakı hesab və müqayisə əməllərini apara bilərik:

*, -, +, /, %

Uyğun olaraq, vurma, çıxma, toplama, bölmə və qalıq əməllərini bildirir.

 

Dəyişənlər üzərində hesab əməlləri

Tutaq ki, bizə int tipindən olan x,y,z dəyişənləri verilib.

int x,y,z;

Onlara müxtəlif qiymətlər mənimsədək:

x = 786;

y = 93;

Indi tutaq ki, mən istəyirəm z-ə x-in y-ə nisbətin mənimsədim. Yəni x-i y-ə böləndə alınan tam ədədə.

Kod aşağıdakı kimi olar:

z = x/y ;

Qeyd edək ki, bu əməliyyatda istifadə olunan bütün dəyişənlər tam tipli (int) olduğundan, bölmənin qalıq hissəsi atılır. Əgər mən istəsəydim, x-in y-ə nisbətinin qalıq hissəsini tapım, onda qalıq - '%' operatorundan istifadə etməliyəm.

z = x%y ;

Bu zaman z tam tipli dəyişən olduğundan, qalığın 0-dan kiçik hissəsi atılır. Əgər mən bölmə əməliyyatının nəticəsini heç bir ixtisarsız, tam şəkildə almaq istəyirəmsə, onda intəvəzinə double və ya float tipli dəyişənlərdən istifadə etməliyəm.

double = q;

q = x/z;

 

Proqram nümunəsi.

Aşağıdakı proqramı kompilyasiya edib yerinə yetirin:


//prg_2_7.cpp

#include <iostream>

int main()
{
int x,y,z,h;
double q,p,f;
// x,y-ə bəzi qiymətlər mənimsədək
x=238;
y=45;

// z -ə x-in y-ə nisbətinin tam hissəsini mənimsədək
z=x/y;
std::cout<<" 238 / 45-in tam hissəsi = "<<z<<"\n";
// h -a x-in y-e nisbətinin qalıq hissəsini menimsedek
h = x%y;
std::cout<<" 238 / 45-in qalıq hissəsi = "<<h<<"\n";
// İndi isə q,p-yə bəzi qiymətlər mənimsədək
q = 132.258;
p = 43.91;
// f-ə q/p-ni mənimsədək
f = q/p;
std::cout<<q<<" / "<<p<<" = "<<f<<"\n";
}

Nümunə

Proqramı kompilyasiya edib yerinə yetirək


C:\cpp\prog2\Debug> 
C:\cpp\prog2\Debug>./prog2.exe 
238 / 45-in tam hissəsi = 5 
238 / 45-in qalıq hissəsi = 13 
132.258 / 43.91 = 3.01202 
C:\cpp\prog2\Debug> 
C:\cpp\prog2\Debug>


Bizi dəstəkləyənlər