Giriş
Bu mətndə C++ dilində proqram tərtibindən bəhs olunur. Bu mətndən istifadə edə bilmək üçün ilkin olaraq, heç bir proqramlaşdırma dilini bilmək tələb olunmur. Hər bir paraqrafın sonunda verilmiş çalışmalar mütləq yerinə yetirilməlidir. Bu, sizə materialı daha da aydın başa düşməyə kömək etməklə yanaşı, sizdə gələcək inkişaf üçün əvəzedilməz olan proqramlaşdırma təcrübəsi yaradacaq və artıracaq. Yadda saxlayın ki, proqramlaşdırmanı öyrənmənin yeganə yolu ancaq və ancaq sərbəst proqram yazmaqdır. Çətinliyi artırılmış məsələlər * simvolu ilə qeyd edilir.
Gələcəkdə sistem proqramlaşdırmanı öyrənmək istəyənlər §9 – Siyahılar bölməsinə xüsusi ilə diqqət yetirməlidirlər.
1.1 Kompüterin işlək vəziyyətə gətirilməsi.
Mətnə daxil olunan bütün proqramlar Windows sistemlərində test edilib, lakin bütün Unix tipli sistemlərdə, o cümlədən GNU/Linux sistemlərində də g++ və digər kompilyatorlar vastəsilə asanlıqla kodda heç bir dəyişiklik etmədən kompilyasiya və icra oluna bilər.
1.2 Kompilyatorun installyasiyası
Kompilyator olaraq, MS Visual Studio-dan istifadə edilir.
MS Visual Studio kompilyatorunun quraşdırma faylını http://www.microsoft.com/express/Downloads keçidindən endirə bilərsiniz.
1.3 İlk test proqram
Sistem və kompilyator problemlərini həll etdikdən sonra hər şeyin qaydasında olduğunu yoxlamaq üçün test proqramı yerinə yetirək.
MS Visual Studio proqramını yükləyin.
Daha sonra
File -> New -> Project
seçimini edirik.
New Project pəncərəsi açılacaq.
Project types: panelindən Win32, Templates: panelindən isə Win32 Console Application seçimini edirik. Daha sonra Name: pəncərəsindən yeni yaradacağımız proqramın adını daxil edirik. Bu pəncərəyə prog1 yazıb Ok düyməsini basırıq. Açılan yeni pəncərədə Finish düyməsini basırıq.
Bu əməliyyatlar bizə ilk proqramımızı tərtib etmək üçün bütün lazımi faylları yaradacaq və proqramın mətn faylı redaktoru pəncərəsi - prog1.cpp aktivləşdirəcək. Bu fayl təqribən aşağıdakına bənzər formada olur.
// prg_1_1.cpp : Defines the entry point for the console application.
#include "stdafx.h"
int _tmain(int argc, _TCHAR* argv[])
{
return 0;
}
Nümunə
Bu mətn kompiyator tərəfindən avtomatik yaradılıb. Proqramın mətn faylında aşağıdakı kimi dəyişikliklər edirik. #include "stdafx.h" sətrindən sonra #include <iostream> ,
{
mötərizəsindən sonra isə,
std::cout<<"Salam dunya \n"; ,
return 0; sətrindən əvvəl isə,
int x;
std::cin>>x;
sətirlərini daxil edirik.
Aşağıdakı kimi:
// prg_1_2.cpp : Defines the entry point for the console application.
#include "stdafx.h"
#include <iostream>
int _tmain(int argc, _TCHAR* argv[])
{
std::cout<<"Salam dünya \n";
int x;
std::cin>>x;
return 0;
}
Nümunə
Etdiyimiz dəyişiklikləri yadda saxlamaq üçün File -> Save all düyməsini basırıq. Artıq proqramımızın mətn faylı hazırdır və biz onu kompilyasiya edə bilərik. Kompilyasiya nəticəsində kompilyator bizim mətn faylından prosessor tərəfindən icra oluna bilən ikili proqram alacaq.
Proqramı kompilyasiya etmək üçün Build -> Build Solution əmrini daxil edirik. Proqramımızın kompilyasiyası başlayacaq və nəticə Output pəncərəsinə ötürüləcək. Əgər sonda Build: 1 Succeeded... sətri çap olunursa, deməli proqramımız uğurla kompilyasiya olunmuşdur.
İndi isə proqramımızı yerinə yetirək. Bunun üçün Debug -> Start Debugging düyməsini basırıq. Nəticədə kansol pəncərəsi açılacaq və “Salam dunya” mətni çap olunacaq. Proqramı söndürmək üçün klaviaturadan hər hansı simvol daxil edib Enter düyməsinə basmağımız kifayətdir.
Əgər bu nəticəni almısınızsa, deməli bütün hazırlıq işləri tamamdır, siz növbəti paraqraflarda verilən bütün proqram nümunələrini də, eyni qayda ilə yerinə yetirə bilərsiniz.
Əgər bu nəticəni almamısınızsa, onda üzülməyin, düzünü desək, hətta professional proqramçılar da hansısa yeni dili öyrənəndə, ilk proqramı heç də həmişə uğurla yerinə yetirmirlər. Ancaq bütün çətinlik elə bu ilk addımdadır.
Proqramın izahı:
Proqram icra olunduqda std::cout<<"Salam dunya \n"; sətrində verilən Salam dunya ifadəsini ekranda çap edir. Əgər Salam dunya əvəzinə istənilən digər ifadəni yazsanız, onda ekranda həmin ifadə çap olunar.
Proqramın yerdə qalan detalları barədə irəlidə, müvafiq bölmələrlə tanış olduqdan sonra məlumat veriləcək. Hələlik isə onu deyə bilərik ki, #include<iostream> sətri istifadə edəcəyimiz bütün proqramlarda daxil olunur. Proqrama bu sətri daxil etmək bizə std::cout, std::cin funksiyalarından istifadə etməyə imkan verir.
Növbəti sətir int _tmain(int argc, _TCHAR* argv[]) sətridir.
Bu, proqramın əsas funksiyasıdır. C++ dilində yazılmış proqramlarda müxtəlif işlər görən standart (std::cout) və proqramçı tərəfindən yaradılan funksiyalardan (§5) istifadə olunur. main funksiyası (_tmain unikodu dəstəkləmək üçün MS Visual Studio-nun əlavəsidir) isə xüsusi funksiyadır. Bütün C++ proqramlarında bu funksiya mütləq olmalıdır və bütün C++ proqramları icra olunmağa main funksiyasından başlayır.
Beləliklə, sizə C++ dilində yazılmış istənilən proqramın mətn kodu verilərsə, onda siz main funksiyasını tapmaqla proqramın icra olunmağa başladığı yeri asanlıqla müəyyənləşdirə bilərsiniz.
Ən sonda yerləşən } simvolu isə, main funksiyasının bitdiyini göstərir.