Menu

Daxil olun Qeydiyyat

CAN interfeysi

CAN (Controller Area Network-şəbəkə tipli kontroller)-ardıcıl interfeys olub «intellektual» giriş/çıxış qurğularının, vericilərin və icraedici qurğuların şəbəkə strukturunda birləşməsini təmin edir. Bu interfeys bir neçə master qurğunun iştirakını, məlumatın real zaman miqyasında ötürülməsini, səhvlərin düzəldilməsini və maneələrə qarşı yüksək davamlılığı təmin edən xüsusi əlaqə protokollarının olması ilə xarakterizə edilir.

CAN interfeysi paylanmış MK-lu sistemlərində yüksək etibarlıqlı və aşağı dəyərli multipleks əlaqə kanallarının təşkili və həm də yüksək sürətli mikroprosessorlu şəbəkələrin qurulması üçün nəzərdə tutulmuşdur. Sənayedə,energetikada və nəqliyyatda geniş tətbiq edilir. İnterfeysin ümumi şininə qurğuların (abonentlərin) qoşulması və xəbərlərin ötürülməsi strukturu şək.7.8–də göstərilən kimidir.Konkret halda CAN şininə qoşulan abonentlərin sayı (maksimal olaraq 64 Master+64 Slave=128-ə qədər) tətbiq edilən qəbuledici-ötürücü mikrosxemlərin yüklənmə qabiliyyətindən asılıdlr. CAN interfeysində məlumatın ötürülmə sürəti proqramla təyin edilir və məsafədən asılı olaraq dəyişir(≤1Mb/s,cədvəl 7.2 ).

CAN protokolu xəbərlərin ünvanlaşdırmasının orijinal sistemindən istifadə edir. Hər bir xəbər identifikatora malikdir ki, bu, qəbuledicinin ünvanını deyil, ötürülən verilənlərin təyinatını göstərir. Hər bir qəbuledici bir neçə identifikatora cavab verə bilər(müxtəlif zamanda) və eyni bir identifikator müxtəlif qəbuledicilərə ötürülür.

CAN protokolu səhvlərin aşkara çıxarılmasının və düzəldilməsinin mükəmməl sisteminə malikdir. Bu protokoldakı arbitraj sistemi Multi-master rejimində yaranan konfliktləri məlumat və zaman itgiləri olmadan həll edir. CAN protokoluna görə məlumatın half duplex(yarı dupleks) rejimində ötürüldüyü mühit differensial (2 xətli-H və L səviyyəli) siqnallı adi naqil, optoliflər, açıq kollektorlu sxem və s. ola bilər. CAN interfeysini dəstəkləyən element bazası sənayedə istehsal edilir. Bu interfeys controllerinin RxD və TxD siqnalları 9 pinli bağlantı vasitəsilə CAN adapterinin uyğun olaraq TxD və RxD çıxıntılarına birləşdirilir.

CAN şini üçün yüksək sürətli ötürücü/qəbuledici -ATA 6660.

Bu mikrosxem CAN kontrolleri (CAN-C) ilə məlumatın ötürüldüyü differensial xətlər arasında fiziki səviyyədə interfeys yaradılması üçün istifadə edilir. Sərt iqlim şəraitində yüksək sürətli (1Mbod) ötürməni təmin edir və xarici gərginlik, elektrostatik sahə təsirlərindən mühafizə edilmə xüsusiyyətinə malikdir.Əsasən avtomobil və sənaye elektronikasında tətbiq edilir.

ATA 6660 mikrosxeminin çıxıntıları və siqnallarının təyinatı şək.7.9-da və cədvəl 7.3-də ,daxili strukturu isə şək.7.10–da verilmişdir. RS girişinə verilən siqnal ilə adapter az enerji sərf edən növbətçi rejimə keçə bilir.Bu rejimdə ATA 6660 aktiv vəziyyətdə qalsa da məlumatın ötürülməsi mümkün deyildir. Növbətçi rejimdə yüksək sürətli komparator RxD çıxışında aşağı səviyyəli gərginliyi 400 ns müddətində saxlayır və əsas siqnalın şinə çıxarılmasını gözləyir. TxD girişinə verilən aşağı səviyyəli siqnal mikrosxemi əsas vəziyyətə çevirir.Əsas iş rejimində yüksək sürətli qəbuledici 0.9V səviyyəsindəki əsas siqnal girişi və 0.5V-dan kiçik olan differensial siqnalları əlavə giriş kimi qəbul edir. RxD xəttindəki əsas differensial siqnalın təsiri ilə aşağı səviyyəli, əlavə differensial giriş siqnalı ilə isə yüksək səviyyəli siqnal yaradılır. Adapterin CANH çıxışında yüksək, CANL çıxışda isə aşağı gərginlik səviyyəsi hasil edilir. Əgər TxD girişi siqnal mənbəyinə qoşulmamışsa, onda mikrosxem əlavə rejimə keçir.

ATA 6660 qəbuledici/ötürücüsünün çıxıntılarının CANC-kontrollerinə və əlaqə kanalına birləşdirilməsi sxemi şəkil 7.10-da i və j saylı MK-lərin qoşulması misalında nəzərdən keçirilmişdir. Burada MKi və MKj hər birinin daxilinə inteqrə edilmış CAN kontrolleri olan qurğulardır. Qəbuledici/ötürücü kimi 2 ədəd ATA 6660 mikrosxemləri əlaqə kanalının hər 2 ucunda nəzərdə tutulmuşdur. CAN interfeysi yarı dupleks rejimdə işlədiyindən hər bir ATA 6660 mikrosxemi eyni zamanda qəbuledici, yaxud ötürücü funksiyasını yerinə yetirir. Bunun üçün CAN-C kontrollerinin RxD qəbuledici girişi ATA 6660 mikrosxeminin RxD çıxışı ilə birləşdirirlir. Uyğun olaraq CAN-C kontrollerindən ötürülən məlumat paketi mikrosxemin TxD girişinə verirlir. Mikrosxemin CANH və CANL differensial çıxış/girişləri CAN əlaqə kanalının naqilləri cütünə birləşdirilir. MKi ötürücü və MKj qəbuledici olduğu halda ötürücü ATA 6660 mikrosxeminin TxD girişindəki məlumat paketi CANH və CANL çıxışlarına, oradan da əlaqə kanalı vasitəsilə qəbuledici mikrosxemin CANH və CANL girişlərinə verilir. Qəbuledici mikrosxemin CANH və CANL girişindəki məlumat onun RxD çıxışına, oradan da MKj –nın CAN-C kontrollerinin RxD girişinə qəbul edilir.

Paylanmış MK-lu sistemlərdə CAN interfeysi vasitəsilə ardıcıl multipleksor kanalının yaradılması sxemi şək.7.11-də göstərilmişdir.Müxtəlif qurğular arasında məlumatın ötürməsini təmin edən multipleksor kanalı həmin MK qurğusundakı CAN-C kontrollerindən,ona bağlanmış CAN ötürücü /qəbuledicisi-ATA6660 mikrosxemindən və CAN interfeysinin kabelindən (CANH,CANL xətləri) ibarət olmaqla təşkil edilir.Hər bir qurğunun CAN adapteri 9 pinli bağlantı vasitəsilə ümumi CAN kabelinə birləşdirilir.Bunun üçün CAN kabelin kənar uclarından əlavə orta hissəsində də çoxsaylı bağlantılar nəzərdə tutulmalıdır. CAN interfeysi vasitəsilə paylanmış strukturlu MK sistemində multipleksor kanalının sxemi şək.7.12-də verilir.


Bizi dəstəkləyənlər