Menu

Daxil olun Qeydiyyat

Windows XP Professional əməliyyat sisteminin bərpası

Təhlükəsiz rejim (Safe mode)

Təhlükəsiz rejim (Safe mode)

Windows-u işə sala bilmirsinizsə və artıq "Son uğurlu konfiqurasiya" üsulunu müvəffəqiyyətsiz sınayıbsınızsa, Windows-u təhlükəsiz rejimdə başlada bilərsiniz.

Təhlükəsiz rejimdə Windows yalnız maus, monitor, klaviatura, disklər və əsas video qurğusunun sürücülərini yükləyir. Yalnız əsas sistem xidmətləri işə salınır və şəbəkə aktiv edilmir. Bu, Windows normal yüklənmirsə, sistemdə olan problemləri həll etmək üçün kifayətdir. Nümünə üçün, qurğuların vəziyyətinə baxa bilərsiniz, şübhəli proqram və sürücüləri silə bilərsiniz və Sistem Bərpasını (System Restore) işə sala bilərsiniz.

Təhlükəsiz rejimin tətbiq nümunəsi Windows XP daxilində video qurğusu üçün xətalı parametrlər və ya sürücünün quraşdırılmasıdır. Təhlükəsiz rejimdə əsas VGA sürücüsü (vga.sys) yüklənərək 16 rəngdə 640x480 keyfiyyətində işə düşəcək.

Təhlükəsiz rejimdə bir çox proqram və xidmətlər işə salına bilməz. Məsələn, bu rejimdə lentlə işləyən disk qurğuların istifadəsi mümkün deyil, beləliklə, bu cür qurğuların istifadəsi ilə bərpa və ehtiyatlanma əməliyyatları də mümkün olmayacaq. Təhlükəsiz rejimdə yalnız inzibatçı hüquqlu hesablar keçərli olur.

Təhlükəsiz rejimə keçmək üçün kompüteri işə saldıqda F8 düyməsi ilə "Windows Advanced Options" menyusunu aktivləşdirib, çıxan siyahıdan "Safe Mode" sətrini seçin. Standart "Safe Mode" variantı ilə bərabər, bu menyuda bir sıra digər təhlükəsiz rejimlər də mövcuddur:
- Safe Mode with Networking – Şəbəkə dəstəkli Təhlükəsiz rejim, şəbəkənin istifadəsi üçün lazım olan sürücü və xidmətləri yükləyir. İnternet və ya lokal şəbəkədən istifadə etməyə imkan verir. 
- Safe Mode with Command Prompt – Əmr sətri ilə Təhlükəsiz rejim, adi rejim ilə eynidir, lakin standart qrafik mühit yerinə əmr sətrini (cmd.exe) işə salır. 
- Enable VGA Mode – VGA rejimi, Windows-u 640x480 ekran keyfiyyəti ilə işə salır və cari sürücüdən istifadə edir (adi təhlükəsiz rejimi isə vga.sys sürücüsündən istifadə edir). Videoadapter və ekran parametrləri ilə yaranan problemləri həll etmək üçün istifadə olunur. 
- Debugging Mode - Xəta diaqnostikası rejimi, xətalar haqqında məlumatı kabel vasitəsilə xüsusi qurğuya ötürür. 
- Enable Boot Logging – Yüklənmə jurnalını aktivləşdir, bütün əməliyyatlar haqqında qeydləri Ntbtlog.txt adlı fayla qeyd edir. Bu fayl %SystemRoot% (əsas diskdə) qovluğunda yerləşir.


Bizi dəstəkləyənlər