Menu

Daxil olun Qeydiyyat

“Beynəlxalq mühasibat uçotunun əsasları” testi əlavə olundu!

Bildiyiniz kimi bu yaxınlarda “İlk Addımlar” layihəsi ilə “İATM” (İqtisadi Araşdırmalar və Tədris Mərkəzi) arasında “Mühasibatlıq üzrə birgə sertifikatlaşdırma imtahanlarının təşkil olunması” barədə müqavilə imzalandı.

Bu layihə çərçivəsində ilk sertifikatlaşdırma testinin “Beynəlxalq mühasibat uçotunun  əsasları” mövzusunda olacağı qeyd edilib. Artıq “İlk Addımlar” tədris portalına bu mövzuda sertifikatlaşdırma testi əlavə olundu.

“İlk Addımlar” tədris portalında qeydiyyatdan keçməklə hər biriniz testdə olan suallara cavab verib, müxtəlif dərəcəli (gümüş, qızıl və bürünc) sertifikatları əldə edə bilərsiniz.

Qeyd edək ki, sertifikatlaşdırma imtahanında ödəmə və hesablama, kredit, əmək haqqı, ümumi və xalis gəlir və s. mövzulara aid məsələləri, eləcə də ortaqlıq müəssisələri, şirkətlərin maliyyə vəziyyətinin qiymətləndirilməsi, müəssisə xərcləri, hesabat elementləri, maliyyə hesabatı və s. başlıqlı sualları görə bilərsiniz. Test 40 sualdan ibarətdir.  

Xatırladaq ki, “İlk Addımlar”  ilə “İATM” arasında imzalanan müqavilənin məqsədi “Mühasibat Uçotu” sahəsində pulsuz onlayn imtahan sisteminin qurulması və sertifikatlaşdırma layihəsinin birgə təşkilidir.

“İlk Addımlar” 2001-ci ildən fəaliyyət göstərən Azərbaycanda ilk təhsil portalıdır. Saytın məqsədi Azərbaycanda İnformasiya Texnologiyaları sahəsində ilk addımlarını atmaq istəyənlərə köməklik göstərmək, yeni texnologiyalar haqqında tədris materiallarını doğma dilimizdə istifadəçilərə təqdim etmək və bu sahədə bilikləri olanları bir yerə toplayıb, güclü bir İT tədris mərkəzi yaratmaqdır. Saytda olan məlumatların (Dərsliklər, referatlar və s) Azərbaycan dilində olması, Azərbaycanda İnformasiya Texnologiyalarına marağın artmasına kömək edir. 

İqtisadi Araşdırmalar və Tədris Mərkəzi (İATM) məhdud məsuliyyətli cəmiyyəti 22 dekabr 2009-cu ildə Azərbaycan Respublikası Vergilər Nazirliyində dövlət qeydiyyatından keçmiş və öz fəaliyyətinə 2010-cu ilin yanvar ayından başlamışdır.Məqsədi Azərbaycanda biznesin səmərəli təşkili və idarə olunmasına köməklik göstərmək, o cümlədən beynəlxalq aləmdə qəbul edilən keyfiyyət standartlarına uyğun xidmətlər göstərməyə nail olmaqdır. Müəssisə müştərilərə korporativ idarəetmə, maliyyə və mühasibatlıq sahəsində tədris xidmətləri göstərməklə yanaşı, kiçik və orta sahibkarlara iqtisadi araşdırmalar və biznes məsləhətləri üzrə peşəkar xidmətlər göstərməkdədir.

Bizi dəstəkləyənlər