11 Oktyabr tarixində NDI və USAID-in dəstəyi ilə “Mən də varam” layihəsi çərçivəsində “Birliyə Doğru” İB Resurs mərkəzində “İlk Addımlar” tədris portalının təsisçisi, “Xəzər İnternet İnstitutu”nun direktoru Rəşad Əliyev tərəfindən kimsəsiz, xüsusi qayğıya ehtiyacı olan və eləcə də aztəminatlı ailələrdən olan gənclərə İnformasiya Texnologiya sahəsində olan biliklər tədris edildi.
Təlimin açılışını Layihə rəhbəri Rima Məmmədova etdi. Daha sonra Rəşad Əliyev salamlaşıb, uşaqlarla tanış oldu. Gənclər bir-bir özlərini təqdim etdikdən sonra, təlimin keçirilməsinə start verildi.
İki mövzudan ibarət olan təlimdə ilk olaraq Rəşad Əliyev gənclərə maraqlı olan “Mobil Texnologiyalar” mövzusunun təqdimatını etdi. R.Əliyev mobil texnologiyaların yaranma tarixindən, bu günə kimi istifadə olunan mobil internet sürətindən, eləcə də gələcəkdə istifadəsi üçün araşdırılan 5G internet sürətindən, əməliyyat sistemləri, onların tətbiqetmələri haqqında, QR kod nədir, onları necə hazırlamalı, sosial şəbəkələr, onların düzgün istifadə yollarından danışdı.
İştirakçılar tərəfindən maraqla izlənən təlimin növbəti mövzusu “Saytlar” idi. Burada sayt necə işləyir?, saytın açılma, qurulma qaydası, Localda test edilməsi, internetə yerləşdirməsi, eləcə də domen nədir? domen adını seçmək qaydası, pullu-pulsuz hostinqlər, onların növləri haqqında ətraflı bilikləri gənclərlə bölüşən R. Əliyev təlimi daha da interaktiv etmək üçün tez-tez iştirakçılarla sual-cavab edir, onlarla əlaqəyə girirdi.
Xatırladaq ki, NDI və USAID-in dəstəyi ilə yaradılan “Məndə varam” layihəsi artıq iki həftədir ki, öz fəaliyyətinə başlayıb. Layihənin məqsədi kimsəsizlər, uşaq evində olan uşaqların yaşadıqları icmaya inteqrasiyadır. Keçirilən təlimlər vasitəsiylə yeniyetmələrin bilik, savadlarını, eləcədə liderlik qabiliyyətlərini yüksəltmək, komandada işləmək bacarıqları inkişaf etdirilir. Bu layihə vasitəsiylə gənclər öz asudə zamanlarını daha səmərəli keçirirlər. Layihə çərçivəsində 12-18 yaş arası gənclər iştirak edirlər. Layihənin rəhbəri Rima Məmmədovadır. Rima xanımın sözlərinə görə layihə bir ay boyunca davam edəcək.
Birliyə Doğru İB nəzdində fəaliyyət göstərən Resurs Mərkəzi kimsəsiz, əlil və az təminatlı ailələrdən olan gənclər üçün nəzərdə tutulub. Layihənin məqsədi intrenat məktəbini bitirən və eləcə də bitirməkdə olan valideyn himayəsəndən məhrum, xüsusi qayğıya ehtiyacı olan gənclərin, onların dünyagörüşlərinin və praktiki biliklərinin artırılması ilə cəmiyyətə adaptasiyasına dəstək olmaqdır. Mərkəzin nəzdində kimsəsiz, xüsusi qayğıya ehtiyacı olan gənclər üçün ingilis, rus dili, kompüter kursları fəaliyyət göstərir. Resus Mərkəzində gənc, yeniyetmə və azyaşlıların dünyagörüşünün artırılması üçün kitabxana fəaliyyət göstərir.