“İlk Addımlar” tədris portalı və “İqtisadi Araşdırmalar və Tədris mərkəzi” yeni əməkdaşlığa başladılar.
6 Dekabr 2012 tarixində “İlk Addımlar” layihəsi ilə “İATM” arasında “Mühasibatlıq üzrə birgə sertifikasiya imtahanlarının təşkil olunması” barədə müqavilə imzalandı.
Müqavilənin məqsədi “Mühasibat Uçotu” sahəsində pulsuz onlayn imtahan sisteminin qurulması və sertifikatlaşdırma layihəsinin birgə təşkilidir. Hər iki tərəfin razılığı ilə gələcəkdə “Mühasibat Uçotu” sahəsində www.ilkaddimlar.com saytında müxtəlif mövzularda sertifikatlaşdırma testləri təqdim olunacaq. İlk əvvəl “Beynəlxalq mühasibat uçotunun əsasları” mövzusunda testlər təqdim olunacaq. Daha sonra “Vergi uçotu”, “Rəsmi Mühasibatlıq”, “Maliyyə hesabatının beynəlxalq standartları” və s. mövzularda sertifikatlaşdırma testlərində aktiv iştirak edə bilərsiniz. Sertifikatlaşdırmada uğurla iştirak edən istifadəçilərə sertifikat “İlk Addımlar” tərəfindən mövcud səviyyələrə uyğun şəkildə təqdim olunacaq. Lakin bu sertifikatlarda fərqli olaraq həm “İlk Addımlar” layihəsinin həm də ki, “İATM”ın imzası olacaq.
“İlk Addımlar” layihəsinin rəhbəri Rəşad Əliyevin sözlərinə görə imtahanlar bir neçə günə istifadəçilərə təqdim olunacaq. “İlk Addımlar”ın bu əməkdaşlıqda məqsədi Azərbaycanda təhsil sistemini daha da şəffavlaşdırmaq, əlaqələri genişləndirmək, təhsilin keyfiyyətini artırmaq və ən əsası sertifikat alınmasını rahatlaşdırmaqdır. Bu onlayn sistem Azərbaycanda ilk olacaq. R. Əliyev onu da qeyd etdi ki, bu cür əməkdaşlıqlarımızın sayı gələcəkdə çoxalacaq.
“İlk Addımlar” 2001-ci ildən fəaliyyət göstərən Azərbaycanda ilk təhsil portalıdır. Saytın məqsədi Azərbaycanda İnformasiya Texnologiyaları sahəsində ilk addımlarını atmaq istəyənlərə köməklik göstərmək, yeni texnologiyalar haqqında tədris materiallarını doğma dilimizdə istifadəçilərə təqdim etmək və bu sahədə bilikləri olanları bir yerə toplayıb, güclü bir İT tədris mərkəzi yaratmaqdır. Saytda olan məlumatların (Dərsliklər, referatlar və s) Azərbaycan dilində olması, Azərbaycanda İnformasiya Texnologiyalarına marağın artmasına kömək edir.
İqtisadi Araşdırmalar və Tədris Mərkəzi (İATM) məhdud məsuliyyətli cəmiyyəti 22 dekabr 2009-cu ildə Azərbaycan Respublikası Vergilər Nazirliyində dövlət qeydiyyatından keçmiş və öz fəaliyyətinə 2010-cu ilin yanvar ayından başlamışdır.Məqsədi Azərbaycanda biznesin səmərəli təşkili və idarə olunmasına köməklik göstərmək, o cümlədən beynəlxalq aləmdə qəbul edilən keyfiyyət standartlarına uyğun xidmətlər göstərməyə nail olmaqdır. Müəssisə müştərilərə korporativ idarəetmə, maliyyə və mühasibatlıq sahəsində tədris xidmətləri göstərməklə yanaşı, kiçik və orta sahibkarlara iqtisadi araşdırmalar və biznes məsləhətləri üzrə peşəkar xidmətlər göstərməkdədir.